Təzadlar qəzeti 13.03.2012 » Lenkeran Dovlet Dram Teatri

    

Təzadlar qəzeti 13.03.2012
                                                                                     İnteqrasiya, yoxsa aludəçilik?

   
 Neçə gün öncə qar-çovğun olmasına baxmayaraq, paytaxtımızın tamaşaçıları Aktyor Evinə  gələrək, yüksək səviyyəli sənət əsərindən və ifaçılıq mədəniyyətindən zövq almaq imkanı əldə  etdilər.

 Burada kifayət qədər tanınan və sevilən qələm sahibi, yaradıcılıq sahəsindəki uğurlarına görə  ötən il Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi nüfuzlu mükafatına layiq görülmüş Kamran  Nəzərlinin "Şeytan işığı" tragikomediyası nümayiş etdirildi. M.B.Vəzirov adına Lənkəran Dövlət  Dram Teatrının fədakar kollektivi tərəfindən hazırlanmış bu tamaşa Bakının mədəni həyatında  əlamətdar bir hadisəyə çevrildi. Biz tamaşa ərəfəsində əsərin müəllifi Kamran Nəzirli ilə foyedə  görüşüb fikirlərimizi bölüşdük: 
 - Kamran bəy, siz ilk dəfə bu əsəri pyes, yoxsa nəsr əsəri şəklində qələmə almısınız?
 - Bilirsiniz, "Şeytan işığı" əsərini mən on il bundan əvvəl povest kimi qələmə almışdım. Sonra elə  oldu ki, Lənkəran Dövlət Dram Teatrı üçün bu əsəri tragikomediya kimi işləməli oldum. Təşəbbüs  özümdən oldu. Mən əsərin pyes variantını işləyib hələ o vaxt Mədəniyyət və Turizm Nazirliyinə təhvil verdim. Orada əsəri plana saldılar və Lənkəran teatrı pyesi öz vəsaiti hesabına tamaşaya hazırladı. 
- Əsər ilk dəfə hansı ildə tamaşaya qoyuldu?
- Əsər keçən ilin yayında Naxçıvan Dövlət Teatrının baş rejissoru, xalq artisti Kamran Quliyevin quruluşunda tamaşaya hazırlandı. ötən ilin sentyabr ayında Lənkəran Teatrında tamaşanın premyerası çox böyük uğurla keçdi. Teatrın kollektivi qastrola getdiyi yerlərdə də bu tamaşanı uğurla nümayiş etdirdi. İndi də kollektiv bu tamaşa ilə paytaxt sənətsevərlərinin görüşünə gəlib. 
- Əsərin mövzusu həyatdan götürülüb, yoxsa öz fantaziyanızın məhsuludur?
- Burda əsas mövzu Şərq-Qərb problemlərinin müqayisəli təhlilinə həsr olunub. Əsərdə həmçinin Azərbaycan insanının, o cümlədən Azərbaycan qadınının faciəsi əks olunub. Azərbaycan qadınının kor-koranə Qərb dəyərlərinə uyması bu stantartlara aludə olarkən milli mentaliteti nəzərə almaması əksər hallarda onu ya faciəyə, ya da uğursuzluğa aparıb çıxarır. Burda əsas məsələ nəyin pis, nəyin yaxşı olmasında deyil. Əsas məsələ Şərq və Qərb dəyərlərinin arasındakı fərqi göstərməkdən ibarətdir. Mən belə bir ideyanı qabartmaq istəmişəm ki, Azərbaycan vətəndaşı nə qədər qərb dəyərlərinə inteqrasiya etməli olsa da, milli-mənəvi keyfiyyətlərinə sadiq qalmağı bacarmalıdır.
- özünüz də yaxşı bilirsiniz ki, hər bir dram əsərində cərəyan edən hadisələrin kökündə konfilik, qütbləşmə, ziddiyyət durmalıdır. Bu tamaşada əks olunan hadisə və surətlərin həyatda konkret prototipləri mövcudurmu, yoxsa bütün hadisələr sizin təxəyyülünüzün, fantaziyanızın məhsuludur?
- Əsərdəki bütün personajlar mənim haçansa bu həyatda görüb-tanıdığım insanlardır. Bunlar hamısı real həyatdan götürülmüş obrazlardır. Hadisələr ölkəmizin paytaxtı Bakı şəhərində cərayan edir. Əsas obraz olan Fira xanım ixtisasca ingilis dili müəllimidir və ali məktəblərin birində dərs deyir.
- Kamran müəllim, bu əsərin haçansa paytaxtımızda oynanılması ilə bağlı hansısa formada təşəbbüsünüz olubmu?
- özünüz də görürsünüz ki, çöldə qar-çovğun, salon soyuq olsa da, zal ağzına kimi doludur. Ona görə də bugünkü tamaşa bir növ bu əsərin gələcək taleyini əks etdirəcək.
- Siz bu söhbətdən bir neçə saat əvvəlki telefon danışığımız zamanı xüsusi olaraq qeyd etdiniz ki, bu tamaşada bir neçə teatrın aktyorları oynayır. Bu məsələyə hansısa formada aydınlıq gətirə biləsinizmi?
- Bilirsiniz, Lənkəran Dövlət Teatrının kollektivi ayrı-ayrı bölgələrdən və teatrlardan təşrif buyurmuş yaradıcı insanların hesabına formalaşmışdır. Əsl həqiqətdə isə bugünkü tamaşam bir növ Lənkəran Teatrının Bakı qastrolu da adlandırmaq mümkündür. 
 
***
Tamaşadan əvvəl Milli Dram teatrının tanınmış aktyoru, xalq artisti, prezident təqaüdçüsü Nurəddin Mehdixanlı səhnəyə çıxaraq tamaşaçıları və qonaqları salamladı, sonra isə şəhərimizə təşrif buyurmuş Lənkəran Teatrında hökm sürən yaradıcılıq atmosferi haqda müfəssəl məlumat verdi. Sonra Nurəddin bəy yaradıcı kollektivin gərgin məşqlər sayəsində araya-ərsəyə gətirdiyi tamaşanın bədii məziyyətlərindən danışdı və yaradıcı kollektivi tamaşaçılarla baş-başa buraxdı. İşıqlar sönüb tamaşa başladıqdan sonra salona toplananlar bir az lirik, bir az komik, bir az da dramatik olan hadisələri nəfəs dərmədən seyr etməyə başladılar.
Tamaşa boyu bütün hadisələr ali məktəbdə ingilis dili müəllimi işləyən dul qadın Fira xanımın ətrafında cərəyan edir. Fira xanım (Qızılgül Quliyeva) Conu (Süləddin Mirzəyev) da çalışdığı ali məktəbdə, birgə iş prosesində görüb bəyənir. Söhbət əsnasında Şərq-Qərb dəyərlərinə, adət və ənənələrə xas olan fərqli xüsusiyyətlər özünü qabarıq şəkildə biruzə verməyə başlayır. Fira xanımın "Sən avtobusda böyüyə yerini vermədin, düşəndə yalnız öz pulunu verdin" kimi ilk baxışdan təbii səslənən iradına Con da özünəxas bir təbiiliklə cavab verir: "Axı mən niyə görə öz yerimi, ya da qazandığım pulu özgəsinə verməliyəm?" Sonra Fira Conla olan münasibətlərini daha da rəsmiləşdirmək məqsədilə evində təşkil etdiyi yüngülvari qonaqlığa iş yoldaşlarını dəvət edir. Bu məqamda bir çox soydaşlarımıza xas olan mənfi keyfiyyətlər haqlı olaraq gülüş və lağ obyektinə çevrilir. Daşıdıqları müəllim adına heç də şərəf gətirməyən bığıburma kişilər görməmiş kimi arağın üstünə cumur, içib kefləndikdən sonra isə yıxılıb ayaqlar altına sərilirlər.
Bundan sonra tamaşanın daha gərgin və dramatik məqamları başlayır. Fira xanımın gözünün ağı-qarası olan oğlu İlkin də orta məktəbi bitirərkən təşkil edilmiş buraxılış gecəsində içib keflənir. Məzun yoldaşının onun qulağı eşidə-eşidə anasının bir ingilislə qonşu binanın blokundan içəri girməsi haqda dediyi söz ona son dərəcə ağır təsir edir. Bundan sonra o, öz hisslərini idarə edə bilmir, əvvəlcə əlindəki küt alətlə Conu öldürür, sonra isə hündür bir binanın damından atılaraq intihar edir. 
Yeri gəlmişkən onu da qeyd edək ki, bu tamaşada əyalət teatrlarının az-az müraciət etdiyi kölgə-işıq effektindən də istifadə olunur, nəticədə isə hadisələr tamaşaçıya daha təsirli və inandırıcı boyalarla təqdim olunur. 
Sonuncu səhnədə heç bir tutarlı səbəb olmadan ucuz ölümə qurban gedən iki əzizini - həm yeganə övladını, həm də gələcək həyat yoldaşını itirən Fira xanımın ah-naləsi, ürək dağlayan hıçqırıqları tamaşaçılara da kədər, məyusluq dolu məqamlar bəxş edir. 

***

Tamaşa başa çatdı, işıqlar yandı. Gözləri qamaşan, ayağa durub məyus halda əl çalan seyrçilərin çaşqın çöhrəsinə baxanda hiss olunurdu ki, onlar hələ də səhnədə cərəyan edən hadisələrin təsirindən qurtula bilməyiblər.
Biz də öz növbəmizdə, belə bir əlamətdar sənət uğuruna imza atdıqlarına görə həm Lənkəran Teatrının kollektivinə, həm də əsərin müəllifi Kamran Nəzirliyə ən xoş arzularımızı bildiririk. 

     Bayram Afurcalı, Xəqani Nizami oğlu 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava